Körfəzdə hava məkanı böhranı: 3400-dən çox uçuş ləğv edilib
Körfəz ölkələrinin hava məkanının bağlı qalması səbəbindən 3400-dən çox aviareys ləğv edilib.
AFN.az xəbər verir ki, münaqişənin ilk günlərindən etibarən uçuş izləmə məlumatlarına yansıyan bu mənzərə qlobal hava hərəkətində böyük fasilələrə yol açıb.
Dubay Beynəlxalq, Şarja, Əbu-Dabi və Dohadakı Hamad Beynəlxalq Hava Limanı da daxil olmaqla bölgədəki altıdan çox böyük mərkəz fəaliyyətini dayandırıb. Yaxın Şərqdəki hava limanlarının Avropa, Asiya və Afrika arasında kritik birləşmə nöqtəsi olması səbəbindən bu qapanma qərarları dünya miqyasında domino effekti yaradıb.
Təxminlərə görə, region üzrə təxminən 300 min nəfər yolda qalıb. Böyük Britaniyanın öz vətəndaşlarının təxliyəsinə kömək etmək məqsədilə bölgəyə xüsusi qruplar göndərdiyi bildirilir. Sosial mediada paylaşılan görüntülərdə sərnişinlərin bilet sifarişi və yardım almaq üçün uzun növbələrdə gözlədiyi, bir çox insanın terminallarda gecələdiyi əks olunub.
Bölgənin böyük bir hissəsində hava məkanı qapalı qalmaqda davam edir. Toqquşmalar davam etdiyi müddətcə minlərlə sərnişin qeyri-müəyyənlik içində qalacaq və qlobal miqyasda uçuş trafiki bu vəziyyətdən mənfi təsirlənməyə davam edəcək.


