Statistikada kadr islahatı nəyi necə dəyişəcək?
Azərbaycanda dövlət qurumlarında kadr islahatları davam etsə də, bu dəyişikliklərin idarəetmədə nə dərəcədə keyfiyyət dəyişikliyi yaradacağı sual altındadır.
Xüsusilə ölkə iqtisadiyyatının "güzgüsü" sayılan statistika sahəsində şəffaflıq və beynəlxalq standartlara uyğunluq məsələsi hələ də aktuallığını qoruyur. Dövlət Statistika Komitəsinin (DSK) yeni rəhbərliyi qarşısında duran ən ciddi çağırışlardan biri də inflyasiya göstəricilərinin ictimai etibarlılığını təmin etməkdir.
Məsələ ilə bağlı AFN.az-a danışan iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, hazırda tətbiq edilən ölçmə sistemi real mənzərəni əks etdirmir. Ekspertin sözlərinə görə, BMT-nin Statistika Bölməsi tərəfindən hazırlanan və dünyanın əksər ölkələrində istifadə olunan "fərdi istehlak xərclərinin məqsədinə görə təsnifatı" (COICOP) sistemi Azərbaycanda kağız üzərində qəbul edilsə də, praktikada tətbiq olunmur.
Rövşən Ağayev vurğulayır ki, qonşu Türkiyə, Gürcüstan və Ermənistanda inflyasiya rəqəmləri 12 əsas başlıq üzrə detallaşdırıldığı halda, ölkəmizdə DSK cəmi 3 qrup – qida, qeyri-qida və ödənişli xidmətlər üzrə məlumat verməklə kifayətlənir. Bu isə o deməkdir ki, vətəndaş və mütəxəssis üçün qiymət artımının konkret hansı sahədən (məsələn, səhiyyə, təhsil, nəqliyyat və ya rabitə) qaynaqlandığını görmək qeyri-mümkündür.
Məsələn, Tarif Şurası yanacağı və ya kommunal xidmətləri bahalandırsa da, mövcud 3 başlıqlı sistemdə bu artımların ümumi inflyasiyaya təsiri "dumanlı" qalır. Rövşən Ağayev həmçinin qeyd edir ki, şəffaflığın əsas şərtlərindən biri də istehlak səbətindəki mal və xidmətlərin "xüsusi çəkilərinin" cəmiyyətə açıqlanmasıdır: "Türkiyə və Gürcüstanda hər bir şəxs səbətdə qidanın və ya digər xərclərin payının nə qədər olduğunu dəqiq bilə bildiyi halda, Azərbaycanda bu məlumatlar qapalı saxlanılır".
Ekspert hesab edir ki, həm Statistika Komitəsi, həm də mandatı qiymət sabitliyi olan Mərkəzi Bank bu məsələdə beynəlxalq standartlara keçməli və ictimai etibarlılığı bərpa etməlidir. Çünki inflyasiyanın struktur analizi imkanlarının zəif olması həm də iqtisadi proqnozların dəqiqliyinə ciddi zərbə vurur.



