Peskovdan VotsApp-a Rusiya qanunlarına əməl etmək çağırışı


Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada bir müddət əvvəl girişi bloklanan VotsApp-ın qanunlara əməl edəcəyi təqdirdə yenidən fəaliyyətə başlaya biləcəyini bəyan edib.

Peskov Rusiyanın TASS xəbər agentliyinə verdiyi açıqlamada 2025-ci ilin noyabr ayından etibarən ölkədə girişi məhdudlaşdırılan VotsApp mesajlaşma tətbiqi haqqında danışıb. VotsApp-ın "Meta" şirkətinə məxsus olduğunu xatırladan Peskov "Bu, qanunlara riayət etmə məsələsidir. Əgər 'Meta' qanunlara əməl edib Rusiya rəsmi qurumları ilə əlaqə saxlayarsa, o zaman razılığa gəlmək mümkün ola bilər" deyib.

Peskov Rusiyanın tələblərinə məhəl qoyulmayacağı təqdirdə VotsApp-a qoyulan qadağanın ləğv edilməyəcəyini vurğulayıb.

Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Xidmətindən (Roskomnadzor) 2025-ci ilin noyabrında verilən açıqlamada qanunvericiliyi pozduğu əsası ilə VotsApp-ın mərhələli şəkildə bloklanmağa başlandığı bildirilmişdi. Ölkədə VotsApp-a giriş həmin tarixdən etibarən dayandırılsa da, istifadəçilər tətbiqə daxil olmaq üçün VPN xidmətlərindən istifadə etməyə başlamışdılar.

Rusiyada Telegram-a qarşı da müəyyən məhdudiyyətlər tətbiq olunur. Eyni zamanda bir müddət əvvəl istifadəyə verilən yerli tətbiq — MAX başda dövlət müəssisələri olmaqla ölkədə sürətlə yayılmağa başlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu