Trampdan Pentaqona kömür elektrik stansiyaları ilə bağlı təlimat


ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) enerji alışında birbaşa kömür elektrik stansiyaları ilə əməkdaşlıq etməsini nəzərdə tutan prezident fərmanını imzalayıb.

ABŞ Prezidenti Tramp Ağ Evdə keçirilən mərasimdə ölkədəki kömür istehsalını artırdıqlarını və bunun iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb. Kömür istehsalçıları tərəfindən istehsala verdiyi töhfələrə görə mükafatlandırılan Tramp, bundan qürur duyduğunu və Amerika iqtisadiyyatında kömürün çox mühüm yerə sahib olduğunu qeyd edib.

ABŞ Prezidenti məsələ ilə bağlı belə danışıb:

"Bu səbəbdən, Müdafiə Nazirliyinə yeni elektrik enerjisi satınalma müqavilələrində birbaşa kömür elektrik stansiyaları ilə işləməyi və elektrik enerjisinin daha etibarlı şəkildə təmin edilməsini əmr edən prezident fərmanı imzalayıram. Artıq ordu vasitəsilə külli miqdarda kömür satın alacağıq və bu, həm daha ucuz, həm də daha səmərəli olacaq".

ABŞ-ın Paris İqlim Sazişindən çıxmasının tamamilə haqlı səbəblərə əsaslandığını müdafiə edən Tramp "Bayden və radikal sol kömürü tamamilə yox etmək istəyirdi. Mən isə bu administrasiyanın ilk günündən kömürə qarşı müharibəni dayandırdım. Ədalətsiz və birtərəfli Paris İqlim Sazişindən çıxdıq. Heç kimin 10 sent belə ödəməli olmadığı yerdə biz 1 trilyon dollar ödəyirdik" deyib.

Prezidentliyinin ilk ilində 74 kömür elektrik stansiyasının bağlanmasının qarşısını aldığını deyən Tramp, yeni kömür stansiyalarının açılması üçün şirkətlərə lisenziyalar veriləcəyini ifadə edib.

Daha sonra ona təqdim olunan mükafatla birlikdə mədən işçiləri ilə xatirə şəkli çəkdirən Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi qapalı görüşlə bağlı mətbuat mənsublarının suallarını cavablandırmadan zalı tərk edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu