İspaniyada qripə yoluxma epidemik səviyyəyə çatıb
İspaniyada son həftələrdə xüsusilə 1–4 yaş arası uşaqları təsir edən qripə yoluxma hallarının artaraq epidemik səviyyəyə çatdığı bildirilib.
Səhiyyə Nazirliyi infeksiyalarda yeni artımlar səbəbindən qripin epidemik səviyyəyə çatdığını açıqlayaraq, ölkədəki 17 muxtar region hökuməti ilə birlikdə ortaq plan hazırlamaq üçün işə başlayıb.
Carlos III Sağlamlıq İnstitutunun 17–23 noyabr tarixlərini əhatə edən son hesabatında qrip diaqnozu qoyulanların hər 100 min nəfərə 40,1 nəfər olduğu göstərilib.
Ötən həftə bu göstəricinin 100 min nəfərə 35,2 olduğu qeyd olunan hesabatda, 100 min nəfərə 37 yoluxma həddinin keçilərək epidemik səviyyəyə çatdığı vurğulanıb.
Hesabatda qripin cəmiyyətdə ən çox 1–4 yaş arası uşaqlara təsir etdiyi və bu yaş qrupunda yoluxma sayının son bir həftədə iki dəfə artdığı bildirilib.
İspaniya mətbuatına danışan ekspertlər bu il qrip epidemiyasının son iki illə müqayisədə çox daha erkən başladığını qeyd ediblər.
Ekspertlər əvvəlki dinamikalar nəzərə alınaraq, epidemiyanın ən yüksək səviyyəyə ilin sonunda və ya 2026-cı ilin əvvəlində çatacağını proqnozlaşdırıblar.


