İsrailin hərbi-siyasi rəhbərliyi Netanyahunun başçılığı ilə Suriyaya səfər edib
İsrailin baş naziri Binyamin Netanyahu və hərbi-siyasi rəhbərliyi Suriyaya səfər edib. Bu səfər ABŞ-ın İsrail və Suriya arasında təhlükəsizlik sazişi əldə etmək səyləri və danışıqlardakı tıxanıqlıq fonunda baş tutub.
AFN.az xəbər verir ki, bu barədə "Kan" telekanalı məlumat yayıb.
Bildirilir ki, səfərdə baş nazir Binyamin Netanyahu, müdafiə naziri İsrael Kac, xarici işlər naziri Gideon Saar, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və Ümumi Təhlükəsizlik Xidmətinin (SHA-BAK) rəhbəri David Zini iştirak edib. Rəhbərlik regiondakı vəziyyətlə bağlı brifinqlərdə iştirak edib.
İsrail mənbələri danışıqların hazırda dalana dirəndiyini bildirib. Səbəb isə Suriyanın prezidenti Ahmed aş-Şaraanın keçid dövrü ərzində İsrail ordusunun Suriyanın cənubundakı bütün mövqelərdən çıxarılması tələbini İsrailin qəbul etməməsidir. Mənbələr qeyd edir ki, İsrail yalnız tam sülh sazişi müqabilində bəzi mövqelərdən çıxacaq, sadəcə təhlükəsizlik sazişi ilə kifayətlənməyəcək. Hazırda isə belə bir saziş gözlənilmir.
