ÜST 2 min işçisini işdən çıxaracaq


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxması səbəbindən büdcəsində yaranan böyük boşluq nəticəsində gələn ilin ortasına qədər personalının təxminən dörddə birini itirəcəyini açıqlayıb. Təşkilat bildirir ki, 2 mindən çox işçi işdən çıxarılacaq.

Tramp hökuməti yanvarda vəzifəyə başlamasından sonra ÜST-dən çəkildiyini açıqlamışdı. Vaşinqton ÜST-ün ən böyük donorlarından biri idi və ümumi büdcənin təxminən 18%-ni təmin edirdi. Bu qərardan sonra təşkilat fəaliyyətlərini daraltmalı və idarə heyətini yarıya endirməli oldu.

Cenevrə mərkəzli qurumun çərşənbə günü üzv ölkələrə təqdim edəcəyi hesabatda bildirilir ki, ÜST-nin personal sayı 2025-ci ilin yanvarında 9 min 401 nəfər idisə, 2026-cı ilin iyununa qədər 2 min 371 nəfərlik azalma baş verəcək. Bu rəqəm işdən çıxarmalarla yanaşı, təqaüdə çıxma və könüllü ayrılmaları da əhatə edir. ÜST-ün mətbuat katibi bildirib ki, ümumi işçi itkisi 22%-ə qədər çata bilər.

ÜST Baş Direktoru Tedros Adhanom Qebreyesus personalına göndərdiyi mesajda belə yazıb: “Bu il ÜST tarixinin ən çətin illərindən biri oldu. Prioritetləşdirmə və yenidənqurma prosesində ağrılı, lakin zəruri qərarlar verdik və qlobal iş gücümüzdə ciddi azalma baş verdi. İndi yenilənmiş və yenidən formalaşmış bir təşkilatla yolumuza davam etməyə hazırlaşırıq”.

Hesabatda həmçinin təşkilatın 2026-2027 büdcəsində 1,06 milyard dollar maliyyə boşluğu olduğu qeyd edilib. Bu məbləğ ümumi tələbin təxminən dörddə birinə bərabərdir. ÜST açıqlayıb ki, maliyyə boşluğu mayda proqnozlaşdırılan 1,7 milyard dollardan aşağıdır. Bunun səbəbi isə büdcənin azalması, yeni donor toplama prosesinin başlaması və üzv ölkələrin ödəniş paylarının artırılmasıdır.

ÜST bildirir ki, müvəqqəti personal və məsləhətçilər üçün edilən işdən çıxarmalar bu hesabatda nəzərə alınmayıb, çox sayda müvəqqəti işçinin də işdən çıxarıldığı qeyd edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu