İngiltərə qaçqın islahatı planını açıqlayıb


İngiltərə hökuməti qaçqın statusuna çıxışı çətinləşdirən və ailələrin məcburi şəkildə geri göndərilməsini əhatə edən yeni islahat paketini təqdim edib.

İngiltərə Baş naziri Keir Starmerin ön sözünü yazdığı 32 səhifəlik sənəddə bildirilir ki, qlobal münaqişələr və artan miqrasiya hərəkətliliyi ölkənin sığınacaq sistemini ciddi şəkildə təzyiq altında saxlayır.

Starmer dünyanın dəyişdiyini vurğulayaraq qeyd edib ki, mövcud qaydalar insanların bir neçə təhlükəsiz ölkəni keçərək qayıqlarla La-Manş boğazını aşmağa çalışacağı bir dövrü nəzərdə tutmurdu. O, İngiltərənin hazırkı sığınma rejiminin Avropa ölkələri ilə müqayisədə daha əlverişli olduğunu iddia edərək, daha güclü çəkindiricilik yanaşmasına ehtiyac olduğunu bildirib.

Danimarka modelini nümunə alan yeni sığınma islahat paketi qaçqın statusunu müvəqqəti xarakterə salır, müraciətə etiraz müddətini məhdudlaşdırır və geri qəbulu əngəlləyən ölkələrə viza verilməməsini nəzərdə tutur.

Bu çərçivədə viza qadağası ilə hədələnən Anqola, Namibiya və Konqo Demokratik Respublikası hökumətlərinə mərhələli sanksiyalar tətbiq edilməzdən əvvəl əməkdaşlığa başlamaq üçün bir ay vaxt veriləcəyi açıqlanıb.

Yeni tənzimləmələrə əsasən, sığınacaq istəyən ailələrin öz ölkələrinə könüllü qayıdışı üçün maliyyə dəstəyi göstəriləcək. Təklifi qəbul etməyənlər isə məcburi qaydada geri göndəriləcək. Uşaqlar deportasiya prosesi zamanı valideynlərindən ayrılmayacaq.

İngiltərədə sığınma hüququ verilən şəxslər ölkədə yalnız müvəqqəti qala biləcək və onların statusu hər 30 aydan bir yenidən qiymətləndiriləcək. Bu mexanizmlə təhlükəsiz hesab olunan hallarda sığınmacılar öz ölkələrinə qaytarıla biləcək. Digər tərəfdən, qaçqın statusu alanların daimi yaşayış üçün gözləmə müddəti 5 ildən 20 ilə qaldırılacaq. İşləmək hüququ olmasına baxmayaraq işləməməyi seçən sığınmacılar maddi yardımdan yararlana bilməyəcək.

Sənəddə mart ayına olan məlumata görə, 51 mindən çox sığınma apellyasiya müraciətinin nəticələnməsini gözlədiyi xatırladılaraq, prosesi sürətləndirmək üçün yeni apellyasiya bölməsinin yaradılacağı qeyd olunub.

Hökumət həmçinin yeni “iş və təhsil” vizası yolu yaradacaq və qaçqınları bu yoldan istifadə edərək daha sürətli məskunlaşma hüququ qazana bilmələri üçün iş tapmağa və ya təhsilə başlamağa təşviq edəcək.

Yalnız bu iş və təhsil yolunu seçənlər ailə üzvlərinin İngiltərəyə gəlməsini dəstəkləyə biləcək.

İngiltərə daxili işlər naziri Şabana Mahmud bu islahat paketinə dair parlamentdə etdiyi çıxışında bildirib ki, mövcud sığınma sistemi nəzarətdən çıxıb və ədalətsizdir.

Mahmud qeyd edib ki, İngiltərəyə qanunsuz yolla gələnlərin bəziləri həqiqi qaçqınlardır, lakin digərləri ölkənin sığınma sistemindən istifadə etmək və sui-istifadə etmək istəyən iqtisadi miqrantlardır.

Nazir İngiltərəyə daxil olan insan sayının cəmiyyəti qeyri-sabitləşdirdiyini və ölkəni daha parçalanmış bir yerə çevirdiyini də vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu