Məşhəddə su anbarlarının doluluq səviyyəsi 3 faizdən aşağı düşüb
İranda su çatışmazlığı kritik həddə çatıb. Ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə su anbarlarının doluluq səviyyəsi 3 faizdən aşağı enib.
Entekhab xəbər saytının məlumatına görə, Məşhəd Su və Kanalizasiya Şirkətinin baş direktoru Hüseyn İsmailiyan mövzu ilə bağlı açıqlama verib.
İsmailiyan bildirib: “Məşhəd su anbarlarındakı su ehtiyatı hazırda 3 faizdən aşağı düşüb. Hərçənd soyuq mövsümdə su istehlakı nisbətən az olur, lakin mövcud vəziyyət artıq suya qənaətin sadəcə bir tövsiyə deyil, zərurətə çevrildiyini göstərir.”
Ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərinin əhalisi təxminən 3 milyon nəfərdir. Şəhərə Əhli-beyt imamlarından səkkizincisi – İmam Rzanın türbəsini ziyarət etmək üçün ildə təxminən 20 milyon insan gəlir.
İran Quraqlıq Böhranı İdarəetmə Mərkəzi bildirib ki, qarşıdakı 10 gün ərzində ölkə ərazisində ciddi yağış yağması gözlənilmir.
Digər tərəfdən, ölkənin daha bir böyük şəhəri olan Kərəcdə şəhər bəndinin doluluq səviyyəsinin 8 faizə qədər azaldığı qeyd olunub.
İran prezidenti Məsud Pezeşkiyan isə 7 noyabrda verdiyi açıqlamada paytaxt Tehrandakı su böhranına toxunaraq bildirib ki, əgər yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətinə getməli olacaqlar. Pezeşkiyan əlavə edib ki, yağışın yağmaması halında suyun tükənəcəyi və Tehranı boşaltmaq məcburiyyətində qalacaqlar.




