Klaudiya Şeinbaum təcavüz hadisəsindən sonra polisə müraciət etdi
Meksika Prezidenti Klaudiya Şeinbaum çərşənbə axşamı onu təcavüz edən şəxs barəsində rəsmi şikayət verib və hadisəni bütün qadınlara qarşı hücum adlandırıb.
CNN-in xəbərinə görə, Şeinbaum sərxoş vəziyyətdə olduğu bildirilən şübhəli şəxsə qarşı hüquqi prosedur başladıldığını açıqlayıb.
Dövlət başçısı ölkədəki bütün qadınların oxşar hallarla üzləşdiyini vurğulayaraq, bunun özünün də ilk təcavüz hadisəsi olmadığını deyib.
Şeinbaum yaşadığı hadisəni bütün qadınlara qarşı hücum kimi qiymətləndirib və Meksika Qadınlar Katibliyi ilə birgə təcavüzə qarşı milli kampaniyaya başlayacaqlarını bəyan edib:
“Təcavüz bir cinayətdir və bu ölkədə hər kəsin bunu anlamasının vaxtı çatıb”.
Prezident qadınlara hər mənada hörmət göstərilməsinin vacibliyini də xüsusi vurğulayıb.
Qadınlar Katibliyi hadisəni qınayaraq bildirib ki, ictimai fiqurlara yaxın olmaq, onların şəxsi məkanını pozmaq və ya razılığı olmadan fiziki təmas qurmaq üçün bəhanə ola bilməz.
Katiblik təcavüz qurbanlarını susmamağa və hadisələri bildirməyə çağıraraq, bu kimi zorakılıq formalarının ciddiyə alınmasının və qınanmasının ədalət və mədəni dəyişiklik üçün vacib olduğunu qeyd edib.

