Vəhşi təbiət qoruğu maddi çatışmazlıq səbəbindən şirləri öldürdü
Yeni Zelandiyanın Vanqarei şəhərində yerləşən Kamo Vəhşi Təbiət Qoruğu maliyyə çətinlikləri səbəbindən iki yaşlı şiri öldürmək məcburiyyətində qaldığını açıqlayıb. Parkda qalan beş şirin gələcəyi isə hələ də qeyri-müəyyəndir.
Həftə sonu qapılarını bağlayan özəl mülkiyyətə məxsus obyektin sahibi Bolton Equities avqustda 32,5 hektarlıq ərazinin satışa çıxarıldığını və 18–21 yaş aralığında olan yeddi şirin çətin bir qərardan sonra öldürüləcəyini bildirmişdi.
Obyektin meneceri Janet Vallans “Əslində bizim artıq heç bir seçimimiz qalmamışdı. Həm mən, həm də işçilər tamamilə sarsılmışıq” deyib. Vallans əlavə edib ki, əgər park yeni bir sahib tərəfindən alınarsa, o zaman şir parkı kimi fəaliyyətini davam etdirə bilər, lakin bu, əldə olunması çətin olan ciddi maliyyə sərmayəsi tələb edir.
Cümə axşamı verilən məlumata əsasən, İmvula və Sibili adlı iki şir müalicəsi mümkün olmayan ciddi sağlamlıq problemlərinə görə öldürülüb. Vallans bildirib ki, bu qərarlar dərin düşüncə və vicdani qiymətləndirmə nəticəsində qəbul olunub.
Bununla belə, qalan beş şir üçün kiçik bir ümid işığı yaranıb. Vallans bəzi şəxslərin parkı satın alaraq şirlərə baxmağa davam edə biləcəyini qeyd edib:
“Vaxt çox azdır və vəziyyət qeyri-müəyyəndir, amma bu imkanı dəyərləndirmək və ümidimizi qorumaq üçün əlimizdən gələni edirik”.
O, şirlərin başqa bir yerə köçürülməsinin onların yaşı, sayı və xüsusi qayğı tələbləri səbəbindən nə insani, nə də praktik seçim olmadığını vurğulayıb.
Qoruğun Facebook səhifəsində çoxsaylı Yeni Zelandiyalı qalan şirlərin xilas edilməsi üçün çağırışlar edib. Keçmiş işçilər isə yerli RNZ kanalına verdikləri açıqlamada qoruq rəhbərliyinin bu qərarı yenidən nəzərdən keçirəcəyinə ümid etdiklərini bildiriblər.
Vallans qeyd edib ki, dəstək mesajları ilə yanaşı, təhdid və təhqir dolu şərhlər də alıb: “Bu, olduqca üzücüdür. İnsanların emosional davrandığını anlayırıq, amma bu çətin prosesdə hər kəsdən nəzakət və hörmət gözləyirik”.
Parkın sahibi Bolton Equities şərh verməkdən imtina edib.
Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyi (MPI) bildirib ki, öldürmə qərarı obyekt sahibinə məxsusdur, lakin prosesin heyvan rifahı qanunlarına uyğun şəkildə aparılması məcburidir. Nazirlikdən əlavə edilib ki, heyvan rifahı müfəttişi prosesi yerində izləyəcək.
Kamo Vəhşi Təbiət Qoruğu 2000-ci illərin əvvəllərində “Aslan Adam” kimi tanınan iri pişik baxıcısı Kreyg Buşun yer aldığı televiziya proqramı ilə məşhurlaşmışdı. Lakin 2009-cu ildə bir heyvan baxıcısının ağ pələng tərəfindən öldürülməsi ilə yenidən gündəmə gəlmişdi.
Sonrakı illərdə park tez-tez maliyyə çətinlikləri və rəhbərlik dəyişikləri ilə üzləşib. 2014-cü ildə qəfəslərin yenilənməsi tələbi ilə bağlanmış, 2021-ci ildə yenidən açılmış, lakin 2023-cü ildə iflas etmişdi.


