Avstraliyada koalaları xilas edəcək peyvəndə icazə verildi
Avstraliyada koalaların nəslini təhlükə altına alan xlamidiya epidemiyasına qarşı hazırlanmış ilk peyvəndə icazə verilib. Mütəxəssislər peyvəndin ölüm hallarını 65 faiz azalda biləcəyini və minlərlə heyvanın həyatını xilas edəcəyini bildirirlər.
Avstraliyanın Sunshine Coast Universitetində (UniSC) çalışan alimlər 10 ildən artıqdır üzərində işlədikləri peyvəndlə koalalar arasında sürətlə yayılan ölümcül xlamidiya infeksiyasının qarşısını almağı hədəfləyirlər. Mütəxəssislər bəzi bölgələrdə yoluxma faizinin 70-ə çatdığını və koloniyaların hər keçən gün məhv olma təhlükəsi ilə üz-üzə qaldığını vurğulayırlar.
Mikrobioloq Piter Timms “Bu gün çox həyəcanverici bir gündür. Zaman-zaman ümidsizliyə qapıldıq, amma uğur qazandıq”, – deyib.
10 illik sınaqlar nəticə verdi
Xlamidiya koalalar arasında cütləşmə və ya yaxın təmas vasitəsilə yayılır. Sidik yolu infeksiyası, korluq və sonsuzluğa səbəb ola bilir, çox vaxt isə ölümlə nəticələnir. Müalicə üçün verilən antibiotiklər isə koalaların yalnız evkalipt yarpaqlarını həzm etməsini təmin edən bağırsaq bakteriyalarını məhv edərək ac qalmasına yol aça bilir.
Peyvənd 10 il ərzində yüzlərlə vəhşi koala üzərində sınaqdan keçirilib. Federal tənzimləyicilər tərəfindən təsdiqlənən araşdırmada peyvəndin ölüm faizini ən azı 65 faiz azaltdığı və çoxalma dövründə xəstəlik əlamətlərini xeyli dərəcədə önləmiş olduğu müəyyənləşdirilib.
Nəsli tükənmə təhlükəsi altında
Son illərdə koala populyasiyası meşələrin məhv edilməsi, yanğınlar, şəhərsalma və vəhşi heyvanların təsiri ilə sürətlə azalıb. Lakin ən böyük itki ölümlərin təxminən 50 faizinə səbəb olan xlamidiya epidemiyası ilə bağlıdır. Hazırda Avstraliyada yalnız təxminən 50 min koalanın qaldığı ehtimal edilir.
Tədqiqatçılar peyvəndin gələn ilin əvvəlindən etibarən xüsusilə vəhşi təbiət xəstəxanalarında və risk altındakı koloniyalarda pulsuz paylanacağına ümid edirlər. Amma təbiətdə koalaları tutaraq peyvəndləməyin çox baha başa gəldiyi qeyd olunur.
Hökumətdən yeni addım
Avstraliya Ətraf Mühit Naziri Mari Vat peyvəndin gələcək nəsillərin də vəhşi təbiətdə koalaları görə bilməsini təmin edəcəyini söyləyib. Yeni Cənubi Uels ştatı rəhbərliyi isə bu həftə 176 min hektarlıq yeni təbiət qoruğu yaradacaqlarını və “Böyük Koala Milli Parkı”nın təxminən 12 min koalanı qoruma altına alacağını açıqlayıb.


