Əfqanıstanda 6,3 bal gücündə zəlzələ oldu


Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə 19 nəfər həyatını itirib.

Tolo News-un xəbərinə görə, Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Qurumunun açıqlamasında bildirilib ki, ölkənin şimalında qeydə alınan zəlzələnin episentri Samanqan vilayətidir.

Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin X-da yaydığı açıqlamada qeyd olunub ki, zəlzələ nəticəsində 19 nəfər həlak olub, 320 nəfər isə yaralanıb.

Ölkədə elektrik təsərrüfatına cavabdeh olan “Da Afghanistan Breshna Sherkat (DABS)” adlı qurum məlumat verib ki, Naibabad bölgəsindən Samanqan bölgəsinə və Hulm bölgəsindən Pul-i Humri bölgəsinə qədər uzanan idxal elektrik xətti zəlzələ səbəbindən zədələnib.

Bildirilib ki, elektrik enerjisinin kəsilməsi paytaxt Kabul da daxil olmaqla Bağlan, Pərvan, Pəncşir, Kapisa, Loqar, Paktiya, Qəzni və Meydan Vardak vilayətlərini əhatə edib.

Hazırda elektrik təchizatının bərpası istiqamətində işlərin davam etdiyi vurğulanıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) dünən Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Hulm bölgəsində, yerin 10 kilometr dərinliyində 6,3 bal gücündə zəlzələ baş verdiyini açıqlamışdı.

Qeyd edək ki, Əfqanıstanın şərqində, Pakistan sərhədində 31 avqust bazar gecəsi 6 bal gücündə zəlzələ olmuşdu. Həmin zəlzələdə 2 min 205 nəfərin öldüyü, 3 min 640 nəfərin isə yaralandığı bildirilmişdi.

USGS sentyabrın 2-də Cəlalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 bal gücündə daha bir zəlzələ baş verdiyini də açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu