Bolqarıstanda öldüyü güman edilən şəxs dağda tapılıb


Bolqarıstanda 17 il əvvəl axtarılanlar siyahısına daxil edilən və 12 ildir ölü sayılan şəxs ölkənin cənub-qərbindəki Pirin dağında tapılıb.

Milli mətbuatda yayılan xəbərlərə görə, Pirin Milli Parkının rəhbərliyi park müfəttişləri tərəfindən aparılan adi yoxlama zamanı icazəsiz düşərgə quran bir kişinin aşkarlandığını bildirib.

Xəbərlərdə qeyd olunur ki, əməkdaşlar həmin şəxsin şəxsiyyətini yoxlamaq istədikdə onun aqressiv davranışlar göstərməsi səbəbilə əraziyə polis çağırılıb.

Polis əməkdaşlarının müdaxiləsindən sonra kimlik sənədləri olmayan şəxs Bansko Rayon Polis İdarəsinə aparılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs 2008-ci ildə milli və beynəlxalq səviyyədə axtarılanlar siyahısına salınıb, 2013-cü ildə isə tapılmadığı üçün məhkəmə tərəfindən ölü elan edilib.

Pirin Milli Parkının müdiri Rosen Banenski mətbuata açıqlamasında “Görünür, Ruse şəhərindən olduğu müəyyən edilən bu şəxs illərdir dağda tənha şəkildə yaşayıb. Park müfəttişlərinin sayəsində artıq kimliyi müəyyənləşdirilib” deyib.

Yunanıstan və Şimali Makedoniya sərhədlərinə yaxın ərazidə yerləşən Pirin dağları 2 min 914 metr hündürlüyü ilə ölkənin ikinci ən yüksək zirvəsinə malikdir. Təxminən 40 min hektar ərazini əhatə edən bu dağlıq bölgə milli park elan edilərək 1983-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Buzlaq gölləri, şəlalələri, mağaraları və iynəyarpaqlı meşələri ilə tanınan Pirin Milli Parkı ayı və canavar kimi vəhşi heyvanların da yaşayış yeridir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu