Dünyadan təcrid olunmuş icmaların sonunu fenomenlər gətirəcək


Böyük Britaniyada aparılan bir araşdırma dünyadan təcrid olunmuş icmaların sosial media fenomenləri səbəbindən ölümcül təhlükə altında olduğunu üzə çıxarıb. Sosial media üçün məzmun hazırlayan bu fenomenlər həmin icmaların məhv olmasına gətirib çıxara bilər.

Böyük Britaniya mənşəli Survival International adlı insan haqları təşkilatının paylaşdığı araşdırma nəticələrinə görə, “Xarici dünya ilə əlaqəsi olmayan yerli xalqlar: Sağ qalmağın astanasında” adlı hesabatda qeyd olunub ki, sosial media üçün məzmun hazırlayan fenomenlərin fəaliyyəti nəticəsində qarşıdakı 10 il ərzində dünyadakı təcrid olunmuş, xarici dünya ilə heç bir əlaqəsi olmayan qəbilələrin yarısı yox ola bilər.

Hesabatda dünyada xarici dünya ilə əlaqəsi olmayan 196 yerli icmanın mövcud olduğu, bu insanların 95 faizinin Amazon meşələrində, qalan hissəsinin isə Asiya və Sakit okean adalarında yaşadığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, sosial mediada izlənmə və bəyənmə qazanmaq məqsədilə bu təcrid olunmuş qəbilələri ziyarət etməyə çalışan fenomenlərdən yalnız biri belə ölümlərə səbəb ola bilər. Qəbilə xaricindən bir şəxsin bu cəmiyyətlə təmas qurması onların immun sistemini çökdürə bilər. Xarici mikroblara qarşı tamamilə müdafiəsiz olan bu icmalar bu yolla məhv ola bilər.

Dünyanın ən təcrid olunmuş qəbiləsi

Hind okeanındakı bir adada yaşayan, dünyanın ən təcrid olunmuş qəbiləsi hesab edilən Sentinel adasının ovçu-yığıcı Sentinel xalqının yaşadığı əraziyə 3 dəniz milindən artıq yaxınlaşmaq qadağandır.

Lakin britaniyalı məzmun istehsalçısı Miles Rutleg adaya gizli şəkildə getmə planlarını açıq şəkildə paylaşıb. O, rəsmilərin adanı kifayət qədər izləmədiyini və buna görə asanlıqla daxil ola biləcəyini iddia edib. Hətta diqqət çəkməmək üçün pasportundakı adını dəyişə biləcəyini də deyib.

Digər təhlükəli cəhd isə 24 yaşlı amerikalı fenomen Mixaylo Viktoroviç Polyakov tərəfindən edilib. O, qayıqla doqquz saatlıq səyahət edərək eyni adaya çatıb. Gənc yerli sakinlərin diqqətini çəkmək üçün fit çalıb, kola və kokos qoyub. Nəticədə Polyakov Hindistan polisi tərəfindən saxlanılıb.

2018-ci ildə amerikalı missioner Con Allen Ço xristianlığı yaymaq məqsədilə adaya gizli şəkildə girməyə çalışarkən Sentinel xalqı tərəfindən öldürülmüşdü.

Survival International təşkilatı xəbərdarlıq edib ki, hökumətlər və şirkətlər müdaxilə etməsə, qarşıdakı on il ərzində bu icmaların yarısı tamamilə yox ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu