Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək
Avtonəqliyyat vasitələri və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair tələblər təkmilləşdirilir.
Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına və müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq.
Müntəzəm sərnişin daşımaları üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunacaq.
Avtomobil nəqliyyatının digər infrastruktur obyektlərinin yerləşdirilməsi və ya təyinatının dəyişdirilməsi sərnişin və yük axınının həcminə, həmçinin xidmət istifadəçilərinin tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyinə uyğun həyata keçiriləcək.
Qanun layihəsi dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi və idarə olunması sahəsində vahid səlahiyyətli qurumun təyin edilməsini nəzərdə tutur. Hazırda Bakı şəhərində bu səlahiyyət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, digər ərazilərdə isə yerli icra hakimiyyəti başçılarına məxsusdur.
Vahid qurumun müəyyən edilməsi ölkə üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və vahid standartların tətbiqinə xidmət edəcək.
Xatırladılıb ki, Azərbaycan 21 oktyabr 2022-ci il tarixli qanunla "Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı Əlavə Protokola qoşulub. Bu, beynəlxalq yük daşımalarında öhdəliklərin elektron formatda tərtib olunmasına, sənədlərin asan idarə olunmasına, sürətli mübadiləyə və xərclərin azalmasına imkan yaradır.
Elektron CMR həm avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin edir, həm də sektor iştirakçılarının çevikliyini və şəffaflığını artırır. Həm elektron, həm də kağız daşıyıcı eyni zamanda istifadə ediləcək.
Qanun layihəsi birinci oxunuşda səsvermə ilə qəbul edilib.




