ABŞ-la Çin TikTok-la bağlı razılaşma əldə ediblər
Vaşinqton administrasiyası ilə Çin hakimiyyəti ABŞ-da TikTok-un fəaliyyətinə dair razılıq əldə ediblər.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın maliyyə naziri Skott Bessentə istinadla məlumat yayıb.
Bessent Madriddə Çin rəsmiləri ilə danışıqlardan sonra açıqlama verərək bildirib ki, tərəflər çərçivə razılaşmasına nail olublar, lakin detallar açıqlanmayıb. Nazir əlavə edib ki, yaxın həftələrdə ABŞ və Çin arasında yeni məsləhətləşmələr keçiriləcək.
ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir razılaşmanın TikTok-un Amerika şirkətinin nəzarətinə keçməsini nəzərdə tutduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Vaşinqton və Pekin arasında “müəyyən bir şirkətlə bağlı” razılıq əldə olunduğunu bəyan edib, amma ad çəkməyib. Tramp iyul ayında ABŞ və Çinin ByteDance-dən TikTok-un alınmasını müzakirə etdiyini demiş, iyunun 29-da isə “çox zəngin şəxslərin qrupu”nun TikTok-u almağa hazır olduğunu açıqlamışdı.
