Pakistanın Pəncab əyalətində sel səbəbilə 122 min nəfər təxliyə edildi


Pakistanın Pəncab əyalətinin şərqində güclü yağışlar nəticəsində yaranan sel səbəbilə son 24 saatda 122 mindən çox insan təxliyə edilib.

Pəncab Fövqəladə Halların İdarəolunması Agentliyinin (PDMA) baş direktoru İrfan Əli Kathia əyalətin Calalpur Pirvala şəhərində aparılan təxliyə işləri ilə bağlı açıqlama verib.

Kathia bildirib ki, son 24 saatda Calalpur Pirvalada 122 mindən çox insan təxliyə olunub. Onun sözlərinə görə, bir çox sakin qohumlarının evlərinə sığınıb və ya yardım düşərgələrində qalır.

Rəsmi həmçinin vurğulayıb ki, ötən aydan bəri Pəncab əyalətində baş verən sel hadisələri nəticəsində 2,2 milyon insan evlərini tərk etməyə məcbur olub, 3 min 900-dən çox kənd sular altında qalıb.

Digər tərəfdən, ötən aydan bu yana baş verən daşqınlarda ən azı 61 nəfərin həyatını itirdiyi bildirilib.

Pakistan Milli Fövqəladə Halların İdarəolunması Qurumunun açıqlamasına görə, 26 iyunda başlayan musson yağışları nəticəsində ölənlərin ümumi sayı 910-a çatıb.

Rəsmilər sel fəlakətinin 2022-ci ildə 1700-dən çox insanın ölümünə səbəb olan, ölkənin üçdə birini su altında qoyan və 32 milyard dollarlıq ziyan vuran hadisədən sonra ən böyük təbii fəlakət olduğunu qeyd ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu