Avstraliya ABŞ-a göndərişləri tariflər səbəbindən dayandırdı
Avstraliyanın milli poçt və karqo qurumu Australia Post ABŞ-ın yeni gömrük qaydaları səbəbindən bu ölkəyə edilən poçt və karqo göndərişlərinin böyük hissəsinin bu gündən etibarən dayandırıldığını açıqlayıb.
Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, Australia Post-un açıqlamasında bildirilir ki, ABŞ-ın aşağı dəyərli bağlamalara tətbiq edəcəyi yeni gömrük qaydaları səbəbindən bu ölkəyə göndərişlərin əksəriyyətinin qəbulu müvəqqəti olaraq dayandırılıb.
Məlumatda yalnız məktub, sənəd və dəyəri 150 dollardan aşağı olan hədiyyələr göndərilməsinə icazə veriləcəyi, digər bütün göndərişlərin isə növbəti açıqlamaya qədər qəbul edilməyəcəyi qeyd olunub.
Qərarın bu gündən qüvvəyə mindiyi və ABŞ-la yanaşı Puerto-Rikoya göndəriləcək əksər məhsulların da bu məhdudiyyətə daxil olduğu vurğulanıb.
Açıqlamada bildirilib: “Vəziyyətin mürəkkəb və sürətlə dəyişən xarakteri səbəbilə müştərilərimiz üçün dayanıqlı həll hazırlaya bilmək üçün müvəqqəti və qismən dayandırma tədbiri zəruri hala gəlib.”
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın 30 iyulda imzaladığı fərmana əsasən, 29 avqustdan etibarən dəyəri 800 dollardan aşağı olan ixrac mallarına tətbiq edilən gömrük rüsumu azadolması ləğv olunacaq. Lakin dəyəri 100 dollardan az olan məktublar, sənədlər və hədiyyəlik əşyalar gömrük vergisindən azad edilməyə davam edəcək.
Xatırladaq ki, Hindistan hökuməti də 23 avqustda verdiyi açıqlamada ABŞ-ın yeni gömrük qaydaları səbəbindən bu ölkəyə edilən poçt göndərişlərini 25 avqustdan etibarən dayandıracağını bildirmişdi.
