Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirləri Ukraynaya necə xərcləməli?
Bu həftə Aİ ölkələri Rusiyanın Qərbdəki dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə üçün gələcək addımları, həmçinin 19-cu anti-Rusiya sanksiyalar paketini müzakirə edəcək.
AFN.az xəbər verir ki, bu barədə Avropanın “Politico” qəzeti məlumat yayıb.
Danimarka sədrliyi tərəfindən Avropa İttifaqına göndərilən məktuba görə, avqustun 31-də İttifaqın xarici siyasət orqanlarının rəhbərlərinin görüşü keçiriləcək. Görüşün əsas mövzusu Rusiya üzərində təzyiqin artırılması və onu atəşkəsə məcbur etmək olacaq. Yəni gələcək sanksiya paketinin müzakirəsi, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərindən daha çox istifadə variantları nəzərdən keçiriləcək.
Avropalı diplomatın sözlərinə görə, Avropa ölkələrinin müdafiə nazirləri də avqustun 28-də və 29-da Kiyevə hərbi yardım və Ukraynanın hərbi sənayesinə dəstək məsələlərini müzakirə etmək üçün şəxsi görüşlər keçirəcəklər. Görüşlərdə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas iştirak edəcək. Politico qeyd edir ki, rəsmi gündəliyə mümkün sülh sazişləri çərçivəsində Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi daxil deyil, lakin müzakirələr zamanı bu mövzunun da qaldırılacağı gözlənilir.

