Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender


Sumqayıt Şəhər İcra Hakimiyyəti xüsusi geyim və invertarların satın alınması ilə bağlı tenderə yekun vurub.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "RASH.M.M. Trade and Services-2020" MMC seçilib. Satın alınacaq mallara görə şirkətə 395 913,6 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "RASH.M.M. Trade and Services-2020" MMC-nin 26 noyabr 2013-cü ildə qeydiyyata alındığı qeyd olunur. Nizamnamə kapitalı 406 939 manat olan şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

"RASH.M.M. Trade and Services-2020" MMC 2020-ci ilədək "Reshad MME" adı altında fəaliyyət göstərib. Nadir Xudiyev həm də "İS.M.M." MMC-nin qanuni təmsilçisidir.

Hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir və çox vaxt iri məbləğli tenderlərin qalibi olur. Maraqlıdır ki, "RASH.M.M. Trade and Services-2020" MMC-nin indiyədək qalib olduğu tenderlər əsasən təmir-tikinti və abadlıq işləri ilə bağlı olub.

Dövlət satınalmalarının vahid elektron portalında aparılan araşdırmalara əsasən məlum olub ki, şirkət 2023-2025-ci illərdə bu tender istisna olmaqla, 10 tenderin qalibi olub. Bu tenderlər tikinti materiallarının alınması, küçə və yolların təmiri, yaşıllıq salınması və digər abadlıq işləri ilə əlaqəlidir.

Beləliklə, görünür ki, MMC inşaat sahəsində ixtisaslaşıb. Bu isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin həmin şirkətdən geyim almasını sual altına salır. Üstəlik, şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də əlaqə vasitələri mövcuddur.

Adətən ictimaiyyətə qapalı olan və tanınmayan şirkətlər tender proseslərində müəyyən oyunlar üçün istifadə olunur. Ehtimal etmək olar ki, "RASH.M.M. Trade and Services-2020" MMC də belə şirkətlərdən biridir.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifəni tutur. Ümumilikdə isə Fərəcov 20 ildir ki, icra başçısı postundadır və bu sahədə karyerasına 2005-ci ildə Abşeron rayonunun rəhbəri olaraq başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu