Banqladeşdə təyyarə kollecin üstünə düşdü: çoxlu ölən və yaralananlar var

Banqladeş Hərbi Hava Qüvvələrinə aid F-7 BGI təlim təyyarəsi Dəkkədə qəzaya uğrayıb.
AFN.az xəbər verir ki, bu barədə "The Daily Star" məlumat yayıb. Qeyd edilir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Ölənlər əsasən təyyarənin qəzaya uğradığı kollecin tələbələri olub. Onların yaşları 9-18 arasında olub və əksəriyyəti yanıq xəsarətləri alıb. Onlar Milli Yanıqlar və Plastik Cərrahiyyə İnstitutuna aparılıblar. Xəstəxanaya yerləşdirilənlərdən biri dünyasını dəyişib.
"İlkin tibbi yardım göstərildikdən sonra 60-a yaxın zərərçəkən yanıq mərkəzinə göndərilib, yüngül xəsarət almış 25 nəfər burada müalicə alır", - deyə yerli xəstəxananın həkimi jurnalistlərə bildirib. Zərərçəkənlərlə bağlı ölkənin digər tibb müəssisələrindən də məlumatlar daxil olur.
Milli Yanıqlar və Plastik Cərrahiyyə İnstitutunun cərrahı Şavon Bin Rəhman bildirib ki, indiyə qədər 50-dən çox qurban qəbul edilib: "Onların sayı getdikcə artır. Yanıq qurbanlarının əksəriyyəti tələbələrdir. Onların hamısının vəziyyəti ağırdır".
Banqladeş Sərhəd Mühafizəsinin iki taqımı qəza yerində xilasetmə əməliyyatına cəlb olunub. Uşaqları kollecdə təhsil alan bir neçə valideyn qəzadan sonra əlaqə saxlamayıb.
Təyyarə ikimərtəbəli kollec binasının girişinə yaxın yerə düşüb. Xoşbəxtlikdən həmin vaxt dərs günü bitmiş olub, bəzi tələbələr artıq gediblər. Əks halda tələfatın daha çox olacağı bildirilir. Təyyarə qəzadan dərhal sonra yanıb. Yanğın təhsil müəssisəsinin binasına keçib. Yanğınsöndürənlərin sözlərinə görə, qəza nəticəsində təyyarənin pilotu ölüb. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Təyyarə qəzası ilə bağlı araşdırmalara başlanılıb.
Banqladeş hakimiyyəti ölənlərlə əlaqədar iyulun 22-ni milli matəm günü elan edib. Bu gün ölkədə hökumət, dövlət və təhsil müəssisələrində, Banqladeşin xaricdəki səfirliklərində dövlət bayraqları endiriləcək.