UEFA “Çelsi” və “Barselona”nı cərimələdi

UEFA-nın Klubların Maliyyə Fəaliyyətinə Nəzarət üzrə İdarəsinin (CFCB) birinci palatası maliyyə feyr-pley qaydalarını pozduqlarına görə klubları cərimələyib. Bu barədə palatanın mətbuat xidməti məlumat yayıb.
Ən ağır cəzanı İngiltərənin “Çelsi” klubu alıb. Komanda 31 milyon avro ödəməyə məcbur edilib, əlavə olaraq isə 60 milyon avro şərti cərimə təyin olunub. Bu məbləğ üç il ərzində ödənilməli olacaq.
İspaniyanın “Barselona” klubu da cərimələnib. Kataloniyalılar 15 milyon avro real, 45 milyon avro isə şərti şəkildə ödəyəcək.
Bundan başqa İngiltərənin “Aston Villa” klubu 11 milyon avro, Türkiyənin "Beşiktaş" klubu 900 min avro, Xorvatiyanın “Hayduk” klubu 0,3 milyon avro, Fransanın “Lion” klubu isə 12,5 milyon avro cərimə olunub.