Kağız fabriki yandı - Çox sayda ölən və yaralanan var


Taylandın Saraburi əyalətində yerləşən bir kağız fabrikində baş verən güclü yanğın nəticəsində 8 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. Hadisədən sonra 2 nəfərin hələ də itkin olduğu bildirilib.



Paytaxt Banqkokdan təxminən 100 kilometr şimalda Saraburinin sənaye zonasındakı fabrikdə baş verən yanğın zamanı ərazidə təxminən 100 nəfər işçi olub. Yanğın dünən yerli vaxtla saat 11:50 radələrində fabrikin yeraltı mərtəbəsində, kağız xammalının saxlandığı hissədə başlayıb. Alovlar qısa müddətdə binanın digər hissələrinə yayılıb.



İlkin məlumata görə, istehsalat sahəsində işləyən işçilərin çoxu vaxtında təxliyə edilib. Lakin ikinci və üçüncü mərtəbələrdə yerləşən ofis işçiləri binada köməksiz qalıb. Hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub. Lakin fabrikin daxilindəki yanıcı və partlayıcı maddələr səbəbilə alovu söndürmək çətin olub və təxminən 24 saat ərzində yanğın nəzarət altına alına bilib.



Yanğından sonra üç binadan ibarət fabrikin böyük hissəsi yararsız vəziyyətə düşüb.



Bu gün hadisə yerində araşdırma aparan Saraburi əyalətinin valisi Bança Çaovarin yanğının söndürülməsinin fabrikdəki partlayıcı xammallar səbəbilə çətin keçdiyini bildirib. O, yanğının səbəbinin müəyyən olunması üçün texniki araşdırmaların davam etdiyini deyib.



Digər tərəfdən, fabrikin rəhbərliyi tərəfindən verilən açıqlamada həlak olanların ailələrinə və yaralı işçilərə bütün lazımi yardım və təzminatın təmin olunacağı vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu