Azərbaycanda qohum nikahları və qadınların pensiya yaşı dəyişdi

Bu gündən – 1 iyul 2025-ci ildən etibarən Azərbaycanda yaxın qohumlar arasında nikaha daxil olmaq rəsmi şəkildə qadağan olunur.
AFN.az xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsindəki yeniliklərə əsaslanır. Qanunvericiliyə əlavə olunan yeni müddəalara görə, artıq nikaha daxil olmağa mane olan hallar sırasına aşağıdakılar da daxil edilib:
Eyni bioloji baba və ya nənəyə sahib olan qardaş və bacı uşaqları;
Bioloji qohum olan əmi (dayı) ilə bacı/qardaş qızı və ya bibi (xala) ilə bacı/qardaş oğlu arasındakı nikahlar.
Bununla da Azərbaycanda genetik riskləri azaltmaq məqsədilə yaxın qohum evliliklərinə hüquqi məhdudiyyətlər tətbiq olunur.
Eyni gündən qüvvəyə minən digər dəyişiklik isə qadınların pensiya yaşı ilə bağlıdır. Yeni qaydalara əsasən, qadınlar üçün pensiya yaşı 64 il 6 ay təşkil edir. Bu, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən həyata keçirilən artımın növbəti mərhələsidir.
Qeyd edək ki, qadınların son pensiya yaşı artımı 2024-cü ilin 1 iyulunda baş verib və o zaman bu yaş 64 ilə çatdırılıb. Kişilərin pensiyaya çıxma yaşı isə əvvəlki kimi 65 il olaraq qalır.
Xatırladaq ki, 2017-ci ildən bəri qadınların pensiya yaşı hər il 6 ay artırılmaqla 2027-ci ilədək mərhələli şəkildə 65 yaşa çatdırılacaq. Əgər şəxsin fərdi hesabında qeydə alınan pensiya kapitalı minimum əmək pensiyası təminatına imkan verirsə, sığorta stajından asılı olmayaraq pensiya hüququ yaranır. Əgər bu təminat mümkün deyilsə, ən azı 25 il sığorta stajı tələb olunur.