Avropa İttifaqı Ukraynanı rouminq zonasına daxil etməyə hazırlaşır

Avropa İttifaqı Ukraynanı gələn ilin əvvəlindən etibarən Aİ daxilində tətbiq edilən rouminq zonasına daxil etməyi planlaşdırır. Bu zona çərçivəsində mobil operatorlar digər üzv ölkələrin abunəçilərindən rouminq haqqı almır.
Aİ Komissiyası Ukraynanın 2026-cı il yanvarın 1-dən Aİ rouminq sahəsinə inteqrasiya edilməsinə dair tənzimləmə təklifini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, bu addım sayəsində Ukrayna vətəndaşları 27 Aİ ölkəsində telefon zəngləri, SMS göndərişi və mobil internetdən əlavə ödəniş etmədən istifadə edə biləcəklər. Eyni imtiyazlar Ukraynada olan Aİ vətəndaşları üçün də keçərli olacaq.
Qərarın qüvvəyə minməsi üçün növbəti mərhələdə Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
Xatırladaq ki, Aİ daxilində rouminq haqlarının ləğv edilməsi qaydası 2017-ci ildən etibarən qüvvədədir. Bu sistemə əsasən, Aİ ölkələrinin mobil operatorlarına abunə olan şəxslər digər Aİ ölkələrində öz mövcud tarifləri ilə əlavə ödəniş etmədən mobil rabitə xidmətlərindən istifadə edə bilirlər.
Bu praktika Aİ ölkələri arasında səyahət edən vətəndaşlar üçün xərclərin azalmasına və rabitə rahatlığının artmasına şərait yaradıb.