Fransa kosmik müharibəyə hazırlaşır: ordudan özəl sektora diqqət

Fransa Silahlı Qüvvələri mümkün kosmik münaqişəyə hazırlıq çərçivəsində öz potensialını artırmaq üçün startapların və böyük özəl şirkətlərin texnoloji imkanlarına güvənir.
AFN.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Le Figaro” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa ordusu maliyyə və çeviklik baxımından özəl sektorla rəqabət apara bilmədiyindən, məcburən bu sahədə innovasiyalara malik qeyri-dövlət qurumlarına arxalanır. Müdafiə Nazirliyi bir sıra özəl şirkətlərlə əməkdaşlıq qurmağa çalışır ki, zərurət yarandıqda onların kosmik texnologiyalarından istifadə edə bilsin.
Bildirilir ki, artıq bir neçə özəl şirkət yaz aylarında keçirilən "AsterX" adlı hərbi təlimlərdə iştirak edib. Təlimlərin əsas məqsədi kosmosda müharibə şəraitində fəaliyyət mexanizmlərini sınaqdan keçirmək olub.
“Le Figaro” xatırladır ki, bu həftə Fransa prezidenti Emmanuel Makron ölkənin yeni kosmik strategiyasını təqdim edəcək. Yaxın aylarda isə Toulouse şəhərində yeni Hərbi-Kosmik Komanda Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Bu mərkəz, o cümlədən peyklər vasitəsilə kosmosda əməliyyatların planlaşdırılması və idarə olunmasına dəstək verəcək.