Kinşasada sel və torpaq sürüşmələri nəticəsində 29 nəfər həyatını itirib

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada yağan güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub, nəticədə 29 nəfər həyatını itirib.
KDR Daxili İşlər Nazirliyinin sosial media hesabında yayımladığı açıqlamada bildirilir ki, son iki gündə davam edən yağıntılar 29 nəfərin ölümünə səbəb olub.
Açıqlamada xüsusilə Nqaliyema bölgəsi başda olmaqla, 8 rayonda çox sayda evin su altında qaldığı və infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi qeyd olunub.
15 iyun tarixində keçirilmiş böhran toplantısında ziyan dəymiş ərazilərdə vəziyyəti qiymətləndirmək üçün nazirliklərarası işçi qrupunun yaradıldığı bildirilib.
Yerli mətbuatın xəbərinə görə, güclü yağışlar nəticəsində bir çox məhəllə və əsas yollar sel suları altında qalıb, evlər və infrastruktur obyektləri zərər görüb.
Qeyd olunur ki, bölgədə yağışların davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, təxminən 18 milyon nəfərin yaşadığı Kinşasada hər il yağıntılar səbəbilə sel fəlakətləri baş verir və bu, şəhərsalma problemləri ilə birlikdə insan tələfatına səbəb olur.