Rusiya: Ukraynaya 6 min 60 əsgərin cəsədini təhvil verdik

İstanbulda keçirilən danışıqlar çərçivəsində Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya Ukraynaya ümumilikdə 6 min 60 əsgərin cəsədini təhvil verib.
Medinski bu barədə Telegram kanalında 2 iyun tarixində Türkiyənin ev sahibliyi ilə keçirilən Rusiya-Ukrayna danışıqlarına dair paylaşım edib.
“Rusiya İstanbulda verdiyi vədi yerinə yetirdi. Ukrayna tərəfinə ümumilikdə 6 min 60 əsgərin cəsədi təhvil verildi. Ukraynadan isə 78 cəsəd alındı. Hərbi əsirlərin mübadiləsi davam edir. Cəbhədə ağır yaralıların təcili tibbi evakuasiyası təmin olunub” – deyə o bildirib.
Ukraynanın Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Mərkəzinin açıqlamasında isə əlavə olaraq qeyd olunub ki, Rusiya İstanbul razılaşmalarıçərçivəsində daha 1245 ukraynalının cəsədini də təhvil verib.
Açıqlamada “Bu gün İstanbul razılaşmalarına uyğun olaraq cəsədlərin geri qaytarılması tədbirlərinin son mərhələsi həyata keçirildi. Ümumilikdə Ukrayna 6057 cəsədi təhvil alıb” – deyə bildirilib.
Xatırladaq ki, 2 iyun tarixində İstanbulda keçirilən danışıqlarda 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır yaralı və xəstə əsgərlərlə yanaşı, 25 yaşdan aşağı olan əsirlərin mübadiləsi barədə razılıq əldə olunmuşdu.