Ərdoğanla Tramp telefonla danışıb: İsrail–İran gərginliyi müzakirə olunub

Ərdoğan: Türkiyə bölgədə nəzarətsiz gərginliyin qarşısının alınması üçün əlindən gələni etməyə hazırdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilir ki, Türkiyə prezidenti Ankaranın regionda nəzarətsiz eskalasiyanın qarşısını almağa hazır olduğunu bildirib.
“Telefon danışığı zamanı İsrail və İran arasında yaranmış münaqişə, eləcə də regional və qlobal problemlər müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrail ilə İran arasında artan gərginliyi diqqətlə izləyir və nüvə proqramı ilə bağlı başladılan danışıqları münaqişənin yeganə həlli yolu kimi görür. O vurğulayıb ki, Türkiyə bölgədə nəzarətsiz gərginliyin qarşısının alınması üçün əlindən gələni etməyə hazırdır. Ərdoğan əlavə edib ki, Türkiyə ABŞ-ın mövqeyini – mübahisəli məsələlərin həlli üçün nüvə proqramı üzrə danışıqların davam etdirilməsinin vacibliyi fikrini dəstəkləyir" - deyə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada qeyd edilir.