"Wex"in keçmiş rəhbəri ABŞ-a ekstradisiya olunur

Polşa hakimiyyəti, ABŞ-ın tələbi əsasında saxlanılan Rusiyanın iri kriptobirjalarından biri olan "Wex"in keçmiş rəhbəri Dmitri Vasilyevin ekstradisiyasına razılıq verib.
AFN.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Aleksandr Surjin məlumat verib. Vasilyev 2024-cü ildə Varşavada ABŞ-ın fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə sorğusu əsasında saxlanılıb. Ekstradisiya prosesi həmin işdə daha əvvəl adı hallanan Aleksandr Vinnikin işi çərçivəsində həyata keçiriləcək.
“Polşa ədliyyə naziri müvəkkilim Dmitri Vasilyevin ABŞ-a ekstradisiyasına icazə verən sənədi imzalayıb. O, ötən il amerikalıların istintaq apardığı cinayət işi çərçivəsində Varşavada saxlanılmışdı. Həmin işdə Aleksandr Vinnik də fiqurant olub,” – deyə Surjin bildirib.
Vəkilin sözlərinə görə, Vasilyevin yaxın günlərdə ABŞ-a ekstradisiya olunması mümkündür. ABŞ-da o, Vinnik işi üzrə iki maddə ilə ittiham olunur və bu maddələr üzrə 25 ilədək həbs cəzası ala bilər.
Qeyd edək ki, Vasilyev daha əvvəl də Polşada saxlanılaraq Qazaxıstana deportasiya olunmuşdu. Daha sonra o, İtaliyada həbs edilib, lakin ekstradisiya sorğusundakı texniki səhvlərə görə azad olunub. Bu həbslərdən əvvəl "Wex" kriptobirjasının hesablarından 500 milyon ABŞ dollarına yaxın vəsait yoxa çıxıb. Bu vəsaitin bir hissəsi Avropa investorlarına məxsusdur.