İtaliyadakı Tuscia Universitetində yanğın baş verib


İtaliyanın Viterbo şəhərində yerləşən Tuscia Universitetinin Kənd Təsərrüfatı Fakültəsində bu gün səhər saatlarında yanğın baş verib.



Milli mediada yayılan xəbərlərə görə, paytaxt Roma yaxınlığında yerləşən universitetin binasında saat 10:00 radələrində başlayan yanğın qısa müddətdə dam örtüyünü bürüyüb.



Roma və ətraf bölgələrdən əlavə yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Universitetin yerləşdiyi geniş sahədə təhlükəsizlik zonası yaradılıb və həmin zonadakı binalar təxliyə edilib.



Viterbo Bələdiyyəsi tüstünün sıx olması səbəbilə sakinləri pəncərələri bağlı saxlamağa çağırıb.



Universitet rəhbərliyi bu gün və sabah üçün dərslərin və imtahanların ləğv olunduğunu açıqlayıb.



Bəzi xəbərlərə görə, yanğın binada aparılan təmir işləri zamanı C blokda istifadə olunan bitum örtüklərindən qaynaqlana bilər.



Yanğının söndürülməsi üzərində işlər davam edir. Hazırda xəsarət alan və ya həyatını itirən olmasa da tüstüdən zəhərlənən şəxslərin olduğu bildirilir. Əvvəlcə bir fəhlənin itkin düşdüyü bildirilsə də onun daha sonra sağ tapıldığı açıqlanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu