Tramp administrasiyası ABŞ dövlət yayım və yardım təşkilatlarına ayrılmış vəsait kəsdi

Tramp administrasiyası dövlətə məxsus bəzi yayım və xarici yardım təşkilatlarına ayrılmış vəsaitlərin ləğvini tələb edib.
New York Times xəbər verir ki, Tramp hökuməti media qurumlarını hədəf alaraq, daha əvvəl təsdiq edilmiş 9 milyard dollardan çox federal vəsaitin ləğvini istəmişdir. Ağ Ev İdarəetmə və Büdcə Ofisi (OMB) Konqresə təqdim etdiyi büdcə paketində dövlət yayımçılığı və xarici yardımlar üçün nəzərdə tutulan vəsaitlərin kəsilməsini tələb edib.
ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson X sosial media hesabında Dövlət Yayımçılığı Korporasiyasının (CPB) maliyyələşdirdiyi Milli Dövlət Radiostansiyası (NPR), Dövlət Yayım Xidməti (PBS) və Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün ayrılmış 9 milyard dollardan çox federal vəsaitin ləğv olunması barədə məlumat verib. Eyni zamanda, Axios xəbər portalı Afrika İnkişaf Fondunun (USADF) da bu kəsintilərdən təsirlənəcəyini bildirib.
NPR-in rəhbəri Ketrin Maher və PBS-in CEO-su Paula Kerger bildiriblər ki, bu kəsintilər iş yerlərinin itirilməsinə, xəbərlərdə və proqramlarda məhdudiyyətlərə, bəzi regional stansiyaların bağlanmasına səbəb ola bilər və ABŞ xalqını böhran vaxtlarında vacib xidmətlərdən məhrum edəcək.
Qeyd edək ki, ABŞ hökumətinin xərcləri azaltmaq məqsədilə keçirdiyi islahatlar çərçivəsində minlərlə dövlət işçisi işdən çıxarılıb. Tramp isə NPR və PBS-in qərəzli olması səbəbilə onların maliyyələşdirilməsinin dayandırılması üçün Prezident Fərmanı imzalamış, bu qurumlar isə məhkəməyə müraciət etmişdilər.
Daha əvvəl də ABŞ hökuməti "Amerika Səsi" (Voice of America) kimi dövlət maliyyələşdirilən bəzi media qurumlarına qarşı məhdudiyyətlər və bağlanma qərarları vermişdir.