“Aygün City”də 12 yaşlı qız atraksionda yıxıldı – burnu sındı

"Aygün City"də 1 İyun Uşaqlar Günündə hadisə baş verib.
AFN.az xəbər verir ki, "Aygün City"nin 5-ci mərtəbəsində yerləşən "Aygün" uşaq əyləncə və ailəvi istirahət mərkəzində 12 yaşlı qız uşağı yıxılaraq burnunu sındırıb. Bu barədə saytımıza xəsarət alan uşağın anası Rumiyyə Allahverdiyeva bildirib.
Onun sözlərinə görə, qızı 6-cı sinif şagirdi Lamiyə Allahverdiyeva sinif yoldaşları və valideynləri ilə birgə adıçəkilən istirahət və əyləncə mərkəzinə gediblər: "Uşaqlar bir yerdə əylənirdilər. Orda nəzarətçilər vardı, müxtəlif atraksionlara uşaqların girib-çıxmasına, minib-düşməsinə cavabdehliyi onlar daşıyır. Uşaqlar dəstə halında 'zıplayn'a dolublar, sayları çox olub. Biz valideynlər restoranda yeməklərin hazırlanıb süfrə qurulmasına nəzarət edirdik. Həm də həmişə getdiyimiz yerdir deyə rahat idik. Lakin bu dəfə görünür, məsul şəxslərə tamah güc gəlib, bayram günü ilə əlaqədar uşaqların çox olmasından istifadə edib daha çox qazanc əldə etmək üçün maksimum 3-4 nəfərin minməli olduğu atraksiona 7-8 nəfər mindiriblər. Nəticədə sıxlıq olub və qızım yıxılaraq burnunu sındırıb."
R. Allahverdiyevanın sözlərinə görə, hadisənin üzərindən keçmək istəsə də, istirahət mərkəzi işçilərinin rəftarı onu şikayətçi olmağa vadar edib: "Mən uşağı qanın içində görəndə huşumu itirdim. Ayılanda gördüm ki, heç nə etməyiblər uşaq üçün, heç həkim də çağırmayıblar. Ağlaya-ağlaya dedim təcili yardım çağırın, dedilər bura təcili yardım gəlmir. Təklif etdilər ki, işçimiz sizi maşınla xəstəxanaya aparsın, razılaşdım, aşağı düşəndə işçi dedi ki, ancaq yaxınlıqdakı infeksionnu xəstəxanaya apara bilərəm. İmtina etdim, özüm taksi ilə uşağı 1 saylı Kliniki Tibbi Mərkəzə apardım. Orada dedilər ki, lor həkim yoxdur. Təzədən apardım Əfəndiyev adına xəstəxanaya. Qızımın burnunu rentgen etdilər, kompüter tomoqrafiyadan keçdi, məlum odu ki, 2 yerdən sınıq var. Tampon qoydular, dedilər qanaxma dayansın, təmizlənsin sonra əməliyyata ehtiyac olacaq."
R. Allahverdiyeva xəstəxanalarda övladının xəsarətləri ilə məşğul olarkən "Aygün" uşaq əyləncə və ailəvi istirahət mərkəzində onlarla birlikdə gedən yoldaşlarından ödəniş tələb edildiyini bildirib: "Hadisə yeməkdən əvvəl baş vermişdi, bir qismət yemək vurmamışdıq dilimizə. Buna baxmayaraq, valideyn yoldaşlarımdan mənim əvəzimə ödənişi etmələrini tələb ediblər, əks təqdirdə, onları buraxmayacaqlarını deyiblər. Baş verənlərlə isə ümumiyyətlə maraqlanmayıblar. Bu uşaq öldümü, qaldımı, bir nəfər də olsun əlaqə saxlayıb məlumat almayıb."
Şikayətçi bildirir ki, hər iki xəstəxanada hadisənin harada, hansı şəraitdə baş verdiyini ətraflı bildirib. Onun sözlərinə görə, "Aygün" uşaq əyləncə və ailəvi istirahət mərkəzində övladına təcili tibbi yardım çağırılmamasına səbəb işə polisi cəlb etməmək olub: "Amma mən sabah səhər saatlarında polisə bu haqda məlumat verəcəm."
Gec saatları olduğu üçün qarşı tərəfin mövqeyini ala bilmədik. "Aygün" uşaq əyləncə və ailəvi istirahət mərkəzinin rəhbərliyini dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.