Məşq xərçəngin təkrarlanmasına qarşı dərmanlardan daha effektiv ola bilər

ABŞ, Birləşmiş Krallıq, Fransa, Kanada və Avstraliyada yüzlərlə xəstənin iştirakı ilə aparılan qabaqcıl bir araşdırmaya görə, müalicədən sonra müntəzəm məşq etmək xərçəngin geri dönməsinin qarşısını almaqda dərmanlardan daha təsirli ola bilər.
Çikaqoda keçirilən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) toplantısında təqdim edilən və "New England Journal of Medicine" jurnalında dərc olunan araşdırmada məşqin ölüm riskini 37 faiz, yeni və ya təkrarlanan şiş riskini isə 28 faiz azaltdığı bildirilib.
Dünya üzrə səhiyyə siyasətlərini dəyişə bilər
Qalın bağırsaq (kolon) xərçəngi xəstələri üzərində 14 il ərzində aparılan araşdırmaya əsasən, müalicədən sonra fərdi məşq proqramında iştirak edən xəstələrin sağ qalma göstəriciləri əhəmiyyətli dərəcədə artıb.
Proqram çərçivəsində xəstələr şəxsi məşqçi və ya sağlamlıq məsləhətçisi müşayiəti ilə həftədə üç-dörd dəfə 45-60 dəqiqəlik gəzinti və ya bənzər fiziki fəaliyyətlərlə məşğul olublar.
ASCO-nun tibbi direktoru Dr. Culi Qralou araşdırma ilə bağlı “Bu nəticələr göstərir ki, məşq bir çox dərmanla müqayisədə daha təsirli və əlavə təsirsiz bir alternativdir. Məşq sözün əsl mənasında dərmandan daha yaxşıdır”
deyib.Xəstələrin ömrü və həyat keyfiyyəti artır
Araşdırmada 889 qalın bağırsaq xərçəngi xəstəsi iki qrupa bölünüb: bir qrup sadəcə sağlam həyatla bağlı məlumatların olduğu broşura alıb, digər qrup isə üç il ərzində məşq proqramına cəlb olunub.
Beş ilin sonunda məşq edən qrupda yeni və ya təkrarlanan xərçəngin yaranma riski 28 faiz aşağı olub. Səkkiz ildən sonra isə ölüm riski 37 faiz daha az olub.
Araşdırmanın baş müəllifi, Kanadadakı Queen’s Universitetindən Dr. Kristofer Bus “Xəstələrimiz müalicədən sonra bizə daim belə bir sual verir: ‘Daha nə edə bilərəm?’ İndi bu suala dəqiq cavabımız var: Məşq”
deyə bildirib.Digər xərçəng növlərində də təsirli ola bilər
Araşdırma birbaşa olaraq qalın bağırsaq xərçəngi üzərində aparılsa da, mütəxəssislər oxşar faydaların digər xərçəng növləri üçün də keçərli ola biləcəyini bildirirlər. Yale Universitetindən Dr. Pamela Kunz “Bu səviyyədə təsiri olan bir müdaxilənin geniş şəkildə tətbiqi artıq qaçınılmazdır”
deyib.Mütəxəssislərdən xəbərdarlıq: Hər xəstə üçün uyğun olmaya bilər
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) tibbi direktoru professor Stefen Povis bildirib ki, bu inqilabi nəticələr göstərir ki, əməliyyat və müalicədən sonra şəxsi məşq planları həyat qurtarıcı ola bilər. Lakin o əlavə edib ki, məşq hər bir xəstə üçün uyğun olmaya bilər və mütləq həkimlə məsləhətləşmək lazımdır.