Turan Qastro Turizm Akademiyası ilə Lefke Avropa Universiteti əməkdaşlıq protokolu imzaladı

Turan Qastro Turizm Akademiyası ilə Lefke Avropa Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Mayın 30-da Turan Qastro Turizm Akademiyası ilə Lefke Avropa Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
AFN.az xəbər verir ki, sənədi Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk və Turan Qastro Turizm Akademiyasının direktoru Doğan Tomris imzalayıb. Sənəd Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında qastroturizm sahəsində əməkdaşlığın yaranmasını və gələcəkdə bu istiqamətdə əlaqələrin daha da inkişafını nəzərdə tutur.
Əməkdaşlıq sənədinə əsasən tələbələr ŞKTC-də staj proqramlarında iştirak edəcək, hər iki ölkənin qastronomik irsinin tanıdılması həyata keçiriləcək, qarşılıqlı peşəkar təlimlər və sertifikat proqramları, eyni zamanda gənclərin iş imkanlarının genişləndirilməsi sahəsində birgə fəaliyyətlər reallaşdırılacaq.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev sayta açıqlamasında bildirib ki, bu əməkdaşlıq Azərbaycanla ŞKTC arasında qastroturizm sahəsində körpü quracaq, həmçinin də beynəlxalq miqyasda tanıdıcı layihələrə zəmin yaradacaq.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən Turan Qastro Turizm Akademiyası hər il 4000-dən çox kursantın təlim keçməsini hədəfləyir. Burada ofisiant, aşpaz, barista, xadimə, ön ofis menecerləri, turizm agentliyinin idarə edilməsi, proqram təminatı, ingilis dili və tur bələdçiliyi kimi sahələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanması həyata keçirilir.
Fəxriyyə