Aİ-dən Rusiyaya qarşı yeni sanksiya hazırlığı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı xam neftin qiymətinə tətbiq edilən yuxarı həddin aşağı salınmasını da əhatə edən 18-ci sanksiya paketinin hazırlanmasına başlayıb.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen ABŞ senatoru Lindsey Qraham ilə Berlində keçirdiyi görüşdən sonra sosial media hesabında paylaşım edib.
ABŞ Senatının və Respublikaçılar Partiyasının önəmli fiqurlarından olan Qraham ilə məhsuldar görüş keçirdiyini bildirən fon der Leyen “Aİ, xam neftin tavan qiymətinin endirilməsini də daxil edən 18-ci sərt sanksiya paketini hazırlayır. Bu addımlar ABŞ-ın tədbirləri ilə birlikdə atıldıqda, birgə sanksiyalarımızın təsiri əhəmiyyətli dərəcədə artacaq” deyib.
Aİ Komissiyasının açıqlamasında bildirilib ki, Aİ Şimal Axını infrastrukturuna, Rusiyanın bank sektoruna və xam neftin qiymət limitinə yönəlik addımları da əhatə edən, Rusiyanın enerji gəlirlərini hədəfləyən 18-ci sanksiya paketinin hazırlanmasına başlanılıb.
Həmçinin, Rusiyanın neftini daşımaq üçün istifadə etdiyi “kölgə donanması”na qarşı da tədbirlərin tətbiq edildiyi xatırladılıb və Kremlin maliyyə mənbələrini azaltmağın hədəf olduğu vurğulanıb.