ABŞ USAID-in Ukraynadakı əməkdaşlarını rəsmən işdən çıxarır

Birləşmiş Ştatlar iyulun 1-dən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı əməkdaşlarını rəsmən işdən azad edir.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika dövlət satınalmaları portalındakı sənədlərdə qeyd edilib.
Söhbət humanitar proqramların əməkdaşlarından gedir. Onların bəziləri Donald Tramp ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəldikdən sonra işə götürülüb.
Portalın məlumatına görə, işdən çıxarılanlar arasında iqtisadi artım üzrə baş məsləhətçi, qlobal sağlamlıq təhlükəsizliyi üzrə baş texniki məsləhətçi, donorların əlaqələndirilməsi üzrə məsləhətçi, humanitar proqramların baş analitiki, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunda işləmək üçün namizədlərin onlayn sınaqdan keçirilməsi üzrə mütəxəssis, İİV/QİÇS üzrə məsləhətçi də var. Lakin bu mütəxəssislərin adları açıqlanmır.
İşçilərin müxtəlif dövrlər üzrə müqavilələrinin məbləğləri də göstərilib. Onlardan ən bahalısı PR mütəxəssisi (rabitə üzrə baş məsləhətçi) ilə bağlanıb, onun dəyəri 455 min dollar olub.
Xitamla bağlı dəyişikliklərin mətnində deyilir: "Bu dəyişikliyin məqsədi hökumətin maraqları naminə müqaviləyə xitam verməkdir. Son iş günü və müqavilənin yeni variantının qüvvəyə minməsi 1 iyul 2025-ci ildir".