Pakistan məktəb avtobusuna edilən bombalı hücumunda Hindistanı günahlandırdı


Pakistan Əfqanıstan sərhədində yerləşən Bəlucistan əyalətində məktəb servisinə edilən və ilkin məlumata görə 5 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bombalı hücumunun Hindistan tərəfindən təşkil edildiyini iddia edib.



"Dawn" qəzetinin xəbərinə görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) hücumla bağlı açıqlama yayıb.



Açıqlamada bildirilir ki, ilkin məlumatlara əsasən 3-ü uşaq olmaqla 5 nəfər həlak olub, çox sayda uşaq isə yaralanıb. “Hindistan dövləti tərəfindən planlaşdırılan və Bəlucistanda onun yerli törəmə qüvvələri vasitəsilə həyata keçirilən daha bir qorxaq və iyrənc terror aktında məktəbliləri daşıyan avtobus hədəf alınıb,” – deyə açıqlamada qeyd olunub.



Bu hücumun "Hindistanın dövlət siyasəti olaraq terrorizmə əl atmasının göstəricisi" olduğu vurğulanaraq “Bu iyrənc hücumun təşkilatçıları, köməkçiləri və icraçıları ədalət qarşısında cavab verəcək, Hindistanın əsl siması bütün dünyaya göstəriləcək” qeyd edilib.



Digər tərəfdən, komissar müavini Yasir İqbal Daşti hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, məktəb servisi əyalətin “Sıfır Nöqtəsi” kimi tanınan bölgəyə yaxın ərazidə hədəf alınıb.



Daşti qeyd edib ki, araşdırmalar davam edir və ilkin nəticələr hücumun kamikadze hücumu ola biləcəyini göstərir.



Pakistanın daxili işlər naziri Mühsin Nakvi isə nazirliyin X hesabında yayımladığı açıqlamada hücumu pisləyib və “Düşmən vəhşilik göstərmiş və günahsız uşaqlara hücum etmişdir. Məktəb servisinə edilən hücum düşmənin ölkədə sabitliyi pozmaq məqsədilə qurduğu iyrənc bir sui-qəsddir” deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu