Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə AÇIQLAMA

Baş Prokurorluq Sabirabadda 16 yaşlı qızın qətlə yetirilərək Kür çayına atılması ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.