Pakistan təhlükəsizlik mənbələri: Hindistanın 5 döyüş təyyarəsi vuruldu

Pakistan ordusu Hindistanıın 5 döyüş və 1 pilotsuz təyyarəsini vurub.
"Geo News" xəbər verir ki, Pakistanın təhlükəsizlik mənbələri Hindistanın raket zərbələrinə cavab tədbirləri barədə danışıblar.
Hindistana məxsus 5 döyüş təyyarəsi və 1 pilotsuz təyyarənin vurulduğunu bildirən mənbələr "Pakistan Hərbi Hava Qüvvələrinə aid bütün təyyarələr təhlükəsizdir. Pakistan Silahlı Qüvvələri düşmənin təcavüzünə lazımi cavabı verir" deyib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, Pakistan ordusu cavab hücumu çərçivəsində Hindistan qüvvələrinin qərargahına zərbələr endirib. Qərargahın yeri ilə bağlı heç bir məlumat verilməyib.
Bildirilib ki, Pakistan və Hindistan arasında Nəzarət Xətti (LoC) yaxınlığındakı Dudhnial sektorunda Hindistan nəzarət-buraxılış məntəqəsi də raket hücumu nəticəsində məhv edilib.
Pakistanda yayımlanan Samaa TV-nin xəbərinə görə, Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb və bütün daxili və beynəlxalq uçuşları dayandırıb.
Digər tərəfdən, "India Today"ə danışan yüksək səviyyəli hökumət rəsmiləri Hindistanın heç bir döyüş təyyarəsinin vurulmadığını iddia edib.
Hindistan mətbuatında yer alan xəbərlərə görə, Hindistan Ordusu açıqlamasında Pakistanın Nəzarət Xətti və Cammu və Kəşmir sərhədindəki mövqelərdən atəş açdığını bildirib.
Açıqlamada açılan atəş nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyi qeyd edilib.