“Nar”dan Ümumdünya Kitab Gününə dəstək

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən “Nar” gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir.
Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub.
23 aprel tarixində baş tutan görüşdə yazıçı Aqşin Yenisey və ədəbiyyatşünas Qismət Rüstəmov gənc yazarlarla bir araya gəlib. Aqşin Yenisey hazırda üzərində işlədiyi neft mövzusuna həsr olunan kitab barədə ətraflı məlumat verib, onun yazılma prosesi, mövzu seçimi və məqsədi haqqında gənc yazarlarla fikir mübadiləsi aparıb. Qismət Rüstəmov isə müasir ədəbiyyatın gənclərlə ünsiyyətdəki rolu və aktual tendensiyalar barədə çıxış edib.
“Nar” bu təşəbbüslə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsinə, eləcə də ölkədə mütaliə mədəniyyətinin inkişafına töhfə verib. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.