Husilər Ben Qurion hava limanına və ABŞ gəmilərinə zərbələr endiriblər

Yəmən Husiləri Təl-Əvivdəki Ben Qurion hava limanına, eləcə də “USS Harry Truman” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika təyyarədaşıyıcı qrupunun gəmilərinə zərbələr endirib.
Bu barədə təşkilatın bəyanatını dərc edən “Al Masirah” telekanalı məlumat yayıb.
"Biz işğal altındakı Yaffa bölgəsindəki (Tel-Əviv nəzərdə tutulur - red.) Ben Qurion hava limanına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum etdik. Biz bütün aviaşirkətləri xəbərdar edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə qalacaq. Hərbi Hava Qüvvələri Amerikanın "Truman " təyyarədaşıyan gəmisi ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib", - deyə bəyanatda bildirilir.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazilərini atəşə tutacağı və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.