Husilər Təl-Əvivdə hərbi obyekti vurduqlarını bildirirlər

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketdən istifadə edərək Tel-Əviv yaxınlığındakı hərbi hədəfə hücum ediblər.
AFN.az xəbər verir ki, bununla bağlı husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria açıqlama verib.
"Silahlı Qüvvələrin Raket Qüvvələri hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsinin cənubunda (Təl-Əviv nəzərdə tutulur - red.) "Fələstin-2" hipersonik ballistik raketindən istifadə edərək İsrail hərbi obyektini vurub", - deyə Saria üsyançılara məxsus "Al Masirah" telekanalında bildirib.
O vurğulayıb ki, ABŞ-ın hücumlarına baxmayaraq, İsrail ərazisinə zərbələr endirməyə davam edəcəklər. Saria əlavə edib ki, İsraillə əlaqəli gəmilər də Qəzza zolağındakı əməliyyatları başa çatdırana qədər Qırmızı dəniz və Ədən körfəzində hədəfə alınacaq.