Husilər İsrailə ballistik raketlər atdıqlarını bildiriblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı hədəflərə ballistik raketlərlə hücum ediblər. Bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.
O, eyni zamanda Qırmızı dənizdə Amerikanın "Pumba" gəmisinə də hücum reallaşdırdıqlarını açıqlayıb. “Yəmən raket qüvvələri bir neçə ballistik raketin köməyi ilə işğal olunmuş Fələstinin cənubundakı Umm ər-Rəşrəş bölgəsində mühüm hədəflərə qarşı əməliyyat keçirib”, - deyə Sariya bildirib. O, husilərə yaxın olan “Al Masirah” telekanalı vasitəsilə açıqlama yayıb.
Hərəkat həmçinin ballistik raketlər və pilotsuz təyyarələrlə Qırmızı dənizdə ABŞ-ın "Pumba" gəmisini hədəfə alıb. "İsrailin Yəmənə daha əvvəl endirdiyi zərbələrə cavab gələcək və əhəmiyyətli olacaq" - deyə bəyanatda qeyd edilir.
Bu arada iki gün əvvəl gecə saatlarında Təl-Əvivin mərkəzində partlayış baş verib. İsrail ordusunun məlumatına görə, Yəməndən atılan pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İyulun 20-də İsrail qırıcıları Təl-Əvivə pilotsuz təyyarə hücumuna və son aylarda İsrailə edilən yüzlərlə hücuma cavab olaraq Hudeyda limanı yaxınlığında husilərin hərbi obyektlərinə zərbələr endirib.