DSMF-nin filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.
AFN.az xəbər verir ki, Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:
"Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir".
***
Qaxda 53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ləkit kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiq oğlunu vurub.
Ağır bədən xəsarətləri alan N.Həsənov hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, piyadanın ölümünə səbəb olan “Toyota” markalı avtomobili Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru, Zaqatala sakini Turan Əsədov idarə edib.
Faktla bağlı araşdırma aparılır.