Vatikan: Papanın səhhəti kritikdir

Vatikan ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə fevralın 14-dən etibarən Romadakı Gemelli Xəstəxanasında müalicə olunan, polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Açıqlamada Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin kritik olduğu, bu gün səhər saatlarında astma tutması keçirdiyi, bu səbəbdən oksigen dəstəyi aldığı, həmçinin trombositlərin aşağı olması səbəbindən qan köçürüldüyü bildirilib.
Vatikan səhər saatlarında Papanın xəstəxanada müalicə aldığı üçün ənənəvi bazar duasını yenə icra edə bilməyəcəyini və duanın mətninin paylaşılacağını açıqlayıb.
Digər tərəfdən, Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin "Corriere della Sera" qəzetinə verdiyi açıqlamada Papa Fransiskin vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa verə biləcəyi ilə bağlı əvvəlki açıqlamasının son günlər yenidən gündəmə gəlməsi ilə bağlı "Bütün bunlar lazımsız fərziyyələrdir. Hazırda Papanın səhhətini və Vatikana qayıdışını düşünürük. Vacib olan budur" deyib.
Xatırladaq ki, 2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub. Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
Katolik ruhani lideri son illərdə diz ağrısı səbəbindən əlil arabasından istifadə edir.
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də xəstəxanaya müraciət edən və daha sonra tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilən Papanın sağlamlıq vəziyyəti ilə bağlı fevralın 18-də Vatikandan verilən açıqlamada Papa Fransiskin pnevmoniyaya tutulduğu və klinik vəziyyətinin mürəkkəb mənzərəni davam etdirdiyi bildirilib.
Vatikanın fevralın 19-da verdiyi açıqlamada Papanın oksigen dəstəyi almadığı və nəfəs ala bildiyi, dünənki açıqlamasında isə cüzi yaxşılaşma göstərdiyi qeyd edilib.
Papanın bu həftə sonu üçün planlaşdırdığı tədbirlər də ləğv edilib.