"Politico": İngiltərə "Tramp tarifləri"ndən qaçmağın yollarını axtarır


Britaniya rəhbərliyi Amerika qazı və silahlarının idxalını artırmaqla ABŞ-ın yeni prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmağa ümid edir.


Bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, krallığın hakimiyyət orqanları Trampın başlaya biləcəyi “qlobal ticarət müharibəsi”nə cəlb olunmaqdan qaçmaq niyyətindədir. ABŞ liderinin Aİ-yə idxal rüsumları tətbiq etməklə hədələmələri fonunda London bir neçə aydır ki, bu zərbədən necə qaçmaq barədə düşünür. Britaniya hakimiyyətinin müzakirə etdiyi variantlardan biri də ABŞ-dan qaz və silah idxalının həcminin artırılması olub.

Böyük Britaniyanın Energetika Nazirliyinin keçmiş rəhbəri Kvazi Kvartenq deyib: "Biz haradansa qaz almalıyıq, çünki onun Şimal dənizində hasilatı azalır. Britaniya sahillərində qaz ehtiyatları azaldığından, alternativlərin olmaması səbəbindən ABŞ-ın enerji idxalında artım təbii olacaq".

Nəşr xatırladır ki, Tramp Avropanın yeni tariflərin tətbiqindən necə yayına biləcəyi ilə bağlı sualı cavablandırarkən Amerika neft və qazının alışını qeyd edib.

"Politico" mənbələri hesab edir ki, Vaşinqtonla London arasında belə bir sövdələşmə mümkündür.

Bütün bunların fonunda nəşrin mənbələri qeyd edir ki, sövdələşmə təkcə qaz alışını deyil, həm də Britaniyanın müdafiə idxalını, xüsusən də Amerika F-35 qırıcıları üçün sifarişlərin sayının artırılmasını nəzərdə tuta bilər. Qəzetin mənbələrinə görə, Böyük Britaniyanın müdafiə strategiyasına baxış çərçivəsində bu təyyarələrin alınmasının artırılması müzakirə edilir. Eyni zamanda, "Politico"nun məlumatına görə, London 2015-ci ildə 138 təyyarə idxal etməyi planlaşdırsa da, bu günə qədər ABŞ-dan cəmi 48 qırıcı sifariş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu