Myanmada xunta və üsyançılar atəşkəs elan edib
Myanmada hərbi çevrilişlə hakimiyyətə gələn xunta hökuməti ilə silahlı müqavimət qruplarını bir araya gətirən Milli Demokratik Alyans Ordusu (MNDAA) Çinin vasitəçiliyi ilə atəşkəs əldə edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün Pekində keçirilən növbəti mətbuat konfransında atəşkəs elan edib.
"Myanma hökuməti və MNDAA Çinin cənub-qərbindəki Yunnan əyalətinin paytaxtı Kunminqdə aparılan danışıqlardan sonra atəşkəs sazişini imzalayıb" deyə Mao bildirib.
Yanvarın 18-dən etibarən atəşkəsin qüvvəyə minməsi ilə bağlı məlumatı paylaşan Mao tərəflərin Çinə sülh danışıqlarında yardımçı roluna görə təşəkkür etdiklərini bildirib.
Xatırladaq ki, Myanma ordusu Aunq San Suu Kyinin başçılıq etdiyi Demokratiya Uğrunda Milli Liqa (NLD) hökumətini devirərək 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib.
Qeyd edək ki, çevrilişdən və müxalifətin dinc etirazlarının qanla yatırılmasından sonra ölkə daxilində başlayan silahlı müqavimət və qarşıdurmalar 2021-ci ildən bəri 6000 insanın ölümünə və 3 milyona yaxın insanın didərgin düşməsinə səbəb olub.