Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar formatı təklif ediblər


Avropa İttifaqının Rusiyaya qarşı müzakirəsi davam edən 14-cü sanksiyalar paketinə qlobal xarakterli yeni məhdudlaşdırıcı tədbirlərin formatı əlavə oluna bilər.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, müvafiq təkliflə Fransa və Hollandiya çıxış edib.

Bu, Rusiyaya silah istehsalı üçün ikili təyinatlı mallar və ya texnologiyalar əldə etməyə kömək edən dünyanın istənilən maliyyə qurumuna sanksiya tətbiq etmək imkanından ibarətdir.

Söhbət Avropa İttifaqında istənilən şəxsin belə bir maliyyə qurumu ilə iş aparmasına qadağa qoyulmasından gedir. İdeya müəlliflərinin fikrincə, bu, Asiya və ya Yaxın Şərqdən olan təşkilatların Rusiya ilə sövdələşmədən imtina etməsi üçün əlavə arqumentə çevriləcək. Eyni zamanda, Avropa Komissiyası bu cür hərəkətləri ABŞ-la əlaqələndirə bilər ki, bu da aləti daha da güclü edəcək.

Agentlik qeyd edir ki, bu təklifə Aİ-də ən çox rusiyayönlü mövqe tutan Macarıstan və Çinlə sıx işgüzar əlaqələri olan Almaniya qarşı çıxa bilər. Təklif olunan sanksiyalar Çinlə ticarəti çətinləşdirə bilər, çünki Çin bankları Rusiya şirkətləri ilə ticarətdə iştirak edir. Həmçinin 14-cü paketin bir hissəsi kimi Rusiyanın SWIFT - Maliyyə Mesajlarının Ötürülməsi Sisteminin (SPFS) əvəzlənməsinə qarşı sanksiyalar da müzakirə olunur. Rusiyadan helium, manqan filizi və nadir torpaq elementlərinin ixracına məhdudiyyətlərin sərtləşdirilməsi, 11 gəmi üçün limanlara giriş qadağası, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə tədarükünə qadağa qoyulması ciddi addım ola bilər. Yeni paketlə bağlı razılaşma iyul ayına qədər gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu